Ümumi məlumat

Problem

Azərbaycanda elmi tədqiqat müəssisələrinin hazırki vəziyyəti qənaətbəxş deyil. Təbiət elmləri fakültələri həm maddi həm də kadr çatışmalığından əziyyət çəkir. Onlar ən son metod və texnologiyaları mənimsəyə və tətbiq edə bilmir. Nəticə olaraq, bu müəssisələrin beynəlxalq səviyyəli tədqiqat həcmi minimal səviyyədədir. Bu vəziyyətə səbəb olan bir neçə faktor mövcuddur. Bu faktorların bəziləri qısa müddətdə dəyişilə bilməz və ya onların dəyişilməsi qeyri-hökümət təşkilatlarının (QHT) gücü daxilində deyil. Lakin bəzi faktorlar ən azından müəyyən dərəcədə QHT səviyyəsində həll edilə bilər.

Bu problemlərdən biri Azərbaycanda təhsil alan tələbələrin beynəlxalq tədqiqat mühitindən kənarda qalması, öz sahələri üzrə baş verən yeniliklərdən və görülə biləcək işlərdən xəbərsiz olmasıdır. Bu problem özünü tələbələrin karyerə seçimlərində büruzə verir. Riyazi istedadı olanlar maliyyə, iqtisadiyyat kimi sahələrə yönəlir. Biologiya və kimya sahələrini maraq göstərən tələbələr sonda tibb tələbəsi olur. Fizika sahəsində özünü isbat edənlər mühəndis olmaqdan başqa seçim görmür. Təbii ki, maliyyə, tibb, və s. sahələr cəmiyyətin saxlanılması və tərəqqisi üçün olduqca vacibdir, lakin bütün bu sahələrin təməlində təbiət elmləri və riyaziyyat dayanır. Biologiya elmi olmadan fəaliyyət göstərən tibb universiteti, riyazi icma olmadan tədqiqat aparan maliyyə fakültəsi nəticə olaraq uğursuz olacaq. Bu problemi aradan qaldırmaq üçün tələbələri beynəlxalq elmi təcrübə ilə mümkün olduğu qədər erkən və dolğun şəkildə tanış etmək lazımdır.

İkinci problem yuxarıdakı mərhələni keçmiş, artıq öz marağı olan sahədə təhsil alan tələbələrlə bağlıdır. Təbiət elmləri və riyaziyyat üzrə bakalavr və magistr təhsili alan tələbələr arasında tədqiqat karyerası qurmaq istəyən tələbələr sayca azlıq təşkil edir. Bu tələbələrin seçdikləri istiqamətdə irəliləməsi üçün onları bir yerə yığan, aralarında ünsiyyət və əməkdaşlığa təkan verən mühitlərin formalaşması zəruridir. Bunu ən effektiv şəkildə hər bir sahə üçün (məs: biologiya, fizika, kimya, və s.) ayrıca etmək olar.

Həll: Müasir Biologiya Dərnəyi

Yuxarıda qeyd etdiyimiz iki məsələni kiçik ölçüdə həll etmək məqsədi ilə Müasir Biologiya Dərnəyini yaradırıq. Dərnəyin görəcəyi işlər bunlardan ibarət olacaq:

  1. Məzmun yaratmaq: biologiyanın müxtəlif qolları üzrə tələbələrin və peşəkar tədqiqatçıların hazırlayacağı, yazılar, videolar, təqdimatlar, və s.
  2. Seminar təşkili: bakalavr və magistr təshili alan tələbələrin öz araşdırmalarını təqdimat edə biləcəyi kiçik həcmli tədbirlər.
  3. İcma quruculuğu: müxtəlif yerlərdə oxuyan, lakin ortaq maraqları olan tələbələrin bir-birini tanıma və əməkdaş olma imkanı. Buna müxtəlif onlayn və əyani tədbirlər nəticəsində nail olunacaq.

Dərnəyin quruluşu

Dərnəyə həqiqi üzv olmaq üçün müraciət edə bilərsiniz. Həqiqi üzvlərin məzmun yaratmaq, müzakirələrdə iştirak etmək. və s. imkanları olacaq. Gələcəkdə dərnəyin qərarlarına təsir edə biləcəkləri mexanizm formalaşacaq.

Dərnəyinin prinsipləri

  • Akademik dürüstlük dərnəyin təməl prinsipidir.
  • Dərnək açıq elm hərəkatını dəstəkləyir.
  • Dərnək sahələrarası (interdisiplinar) işlərə üstünlük verir və təşviq edir.
  • Dərnək elmin ümumbəşər dəyərlər xaricində tətbiqini dəstəkləmir.
  • Dərnək siyasi və dini diskursun elmi diskursa kobud müdaxiləsinə qarşıdır.

İlk işlərimiz

Layihə iyun ayından etibarən başlayır. Görəcəyimiz ilk işlərdən biri vebinarların təşkili olacaq. Bunun vasitəsilə biologiyanın müxtəlif sahələrində işləyən araşdırmaçılarla bakalavr və magistr təhsili alan biologiya tələbələri arasında bir körpü yaratmağa çalışacağıq.

Bununla yanaşı, ilk tədbir üçün hazırlıqlara başlayacağıq. Bu tədbir üzrə “mitochondrial quality control” üzrə jurnal klubu olacaq. Dərnəyin həqiqi və tələbə üzvləri kluba qoşula bilər. Tədbir ilə bağlı daha dolğun məlumat növbəti həftələrdə paylaşılacaq.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top